Avropa Keyfiyyət Nişanına layiq görüldük!!!


Məlum olduğu kimi, Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin və müəllimlərinin beynəlxalq layihə proqramlarında iştirakını təmin edən layihələr üzərində işlərini aktiv olaraq davam etdirirlər. 2005-ci ildə yaradılan "eTwinning Plus” layihəsi də Avropa İttifaqının Təhsil Proqramının tərkib hissəsidir. İnkişaf etmiş Avropa məktəblərinin aktiv iştirakçısı olduğu "eTwinning Plus” layihəsinə Azərbaycan 2013-cü ildə qoşulmuşdur. Hal-hazırda Respublika üzrə 129 məktəb bu layihəyə qoşulub. Layihə çərçivəsində Azərbaycan məktəbləri və şagirdləri Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanıblar. "eTwinning Plus” layihəsi çərçivəsində müəllim və şagirdlər XXI əsr bacarıqlarının artırılması istiqamətində beynəlxalq səviyyəli təlim və kurslarda iştirak edirlər. Azərbaycan məktəblərinin "eTwinning Plus” layihəsinindəki fəaliyyəti birbaşa Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.
Sevindirici haldır ki, Sumqayıt şəhərinin İ. Qayibov adına 1 nömrəli məktəbi də, 5 aktiv layihə ilə bu məktəblər sırasındadır. 25 oktyabr, 2017-ci il tarixində məktəbin fizika müəllimi Aliyə Əhmədova və şagirdlərinin aktiv iştirakçısı olduğu "Home Sweet Home" layihəsi "eTwinning Plus” çərçivəsində təltif edilən"Avropa Keyfiyyət Nişanı”na layiq görülmüşdür. Adı cəkilən layihədə Ukrayna, Gürcüstan , Almanya, İtaliya,Yunanıstan və Azərbaycandan olan tərəfdaş məktəblər birgə çalışmışlar. Eyni zamanda Respublika üzrə müxtəlif müəllimlərin icra etdiyi daha 24 layihə bu mükafata layiq görülüb.
Beynəlxalq layihəsinin "Avropa Keyfiyyət Nişanı” ilə mükafatladırılması münasibəti ilə Sumqayıt şəhəri, İ. Qayibov adına 1 nömrəli məktəbini təbrik edirik. Qeyd edək ki, Aliyə Əhmədova eyni zamanda Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 1-ci qrant müsabiqəsində qalib olmuş, təhsil mediasının diqqət mərkəzində olan "STEM Azərbaycanda” onlayn layihəsini də idarə edir.

Комментариев нет: