AZƏRBAYCAN RESPUBLİKASINDA ÜMUMİ TƏHSİLİN KONSEPSİYASI (MİLLİ KURİKULUMU)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təsdiq edilmişdir.
AZƏRBAYCAN RESPUBLİKASINDA ÜMUMİ
TƏHSİLİN KONSEPSİYASI (MİLLİ KURİKULUMU)
GİRİŞ
Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası - Milli Kurikulumu (bundan sonra Milli Kurikulum) konseptual xarakterli çərçivə sənədi olub ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, fənn kurikulumlarının strukturunu əhatə edir.
Milli Kurrikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılmasına və problemlərin həllinə yönəlmişdir.
Milli Kurikulum bilavasitə aşağıdakı funksiyaların reallaşdırılmasına xidmət edir:
v ümumi təhsilin pillələri, bu pillələrdə tədris olunan fənlər arasında əlaqələrin və ardıcıllığın təmin edilməsi;
v fənlərin məzmununun cəmiyyətin tələbatına uyğun daim təkmilləşdirilməsi və yeniləşdirilməsi;
v təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması;
v nəticəyönümlü fənn kurrikulumlarının hazırlanıb tətbiq olunması;
v təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik prinsip əsasında müəyyənləşdirilməsinin təmin olunması;
v şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasının təmin edilməsi.
Milli Kurikulum aşağıdakı ümumi prinsiplərə istinad olunmaqla hazırlanmışdır:
v milli və ümumbəşəri dəyərlərin nəzərə alınması;
v ümumi inkişafı, meyil və maraqları nəzərə alınmaqla bütün şagirdlərə əlverişli təlim şəraitinin yaradılması;
v tələbyönümlülük;
v nəticəyönümlülük;
v şagirdyönümlülük.;
v inteqrativlik.
I. ÜMUMİ TƏHSİLƏ VƏ ÜMUMİ TƏHSİLLİ
ŞƏXSƏ VERİLƏN TƏLƏBLƏR
Ümumi təhsil - insanın, ailənin, cəmiyyətin və dövlətin marağına, milli və ümumbəşəri dəyərlərə, dünyəvilik, sistemlilik, varislik, inteqrativlik, demokratiklik prinsiplərinə əsaslanan, nəzəri və təcrübi fəaliyyət vasitəsilə şəxsiyyətin formalaşmasına, onun intellektual, sosial və fiziki inkişafına, təhsilini davam etdirməsinə, əmək fəaliyyətinə başlaması üçün zəmin yaradılmasına yönəlmiş məqsədəuyğun proses olub şagirdlərin yaş, fizioloji, psixoloji, fərdi xüsusiyyətləri və potensial imkanları nəzərə alınmaqla sürətlə dəyişən dünyada gedən prosesləri, problemləri və inkişaf tendensiyalarını başa düşmək və qiymətləndirmək, zəruri bilik, bacarıq və vərdişlər əldə etmək, öyrəndiklərini tətbiq etmək, sərbəst surətdə əlavə biliklər almaq bacarıqlarını, bazar münasibətləri şəraitində cəmiyyətin məhsuldar üzvünə çevrilə bilmələrini, şəxsiyyətin azad inkişafını təmin edir.
Ümumi orta təhsilli şəxs - ana dilini dərindən bilən, Vətəninin tarixi və mədəniyyəti haqda ətraflı məlumatlara malik olan, incəsənəti, ədəbiyyatı, elmi nailiyyətləri, insan əməyini, vətəndaşların hüquq və azadlıqlarını dəyərləndirməyi bacaran, demokratik prinsiplərə hörmətlə yanaşan, dövlətçiliyə və dövlət mənafeyinə sadiqlik nümayiş etdirən, müasir texnika və kommunikasiya vasitələrindən səriştəli istifadə edən, insanlara, milli adət-ənənələrə, təbiətə, əxlaqi-mənəvi dəyərlərə tolerant, həssas və ədalətli münasibət bəsləyən, təhsillənməyi və məlumatlanmağı bacaran, bazar iqtisadiyyatı şəraitində rəqabətə davamlı olmaq və həyatda müstəqil yaşayıb fəaliyyət göstərmək, inkişaf etmək, sağlam həyat tərzi qurmaq, müstəqil mövqeli olmaq keyfiyyətlərinə yiyələnən, cəmiyyətin tələbatına uyğun zəruri bilik, bacarıq və vərdişlər qazanan, ana dili ilə yanaşı, xarici dillərdən birində və ya bir neçəsində ünsiyyət saxlamağı bacaran şəxsdir.
II. ÜMUMİ TƏHSİLİN MƏZMUN STANDARTLARI
2.1. ÜMUMİ İBTİDAİ TƏHSİL

2.2. ÜMUMİ ƏSAS TƏHSİL
2.2.1. Əsas təhsilin məqsədi
Əsas təhsilin məqsədi aşağıdakılardır:
v şagirdlərdə kommunikativ bacarıqların, şifahi və yazılı nitq vərdişlərinin formalaşdırılmasını, idraki fəallığın gücləndirilməsini təmin etmək;
v Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti, təbiəti, sosial-iqtisadi imkanları və inkişafı, ayrı-ayrı ölkələrin bəşər sivilizasiyasının yaranmasındakı rolu haqqında təsəvvürləri və məlumatları genişləndirmək;
v şagirdlərdə təhlil və tətbiq, araşdırma və ümumiləşdirmə aparmaq, informasiya-kommunikasiya texnologiyalarından istifadə, müxtəlif mənbələrlə işləmək, özünün fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, hadisələri və mahiyyətləri dəyərləndirmək, problemləri həll etmək bacarıqları formalaşdırmaq;
v sağlam həyat tərzi, fiziki və estetik mədəniyyət, əməkdaşlıq, hüquqlara hörmət keyfiyyətlərinin formalaşdırılmasını təmin etmək.
2.2.2. Əsas təhsil üzrə ümumi təlim nəticələri
Şagird aşağıdakıları bacarmalıdır:
v ətraf aləmi dərk etmək üçün müxtəlif üsul, vasitə və metodlardan, o cümlədən müşahidə, ölçmə, hesablama, təcrübə, nümayiş və qiymətləndirmədən istifadə etməyi;
v təlim tapşırığını yerinə yetirmək üçün müvafiq üsullar seçməyi və verilmiş alqoritm əsasında onları həll etməyi;
v müxtəlif faktları, fikirləri, dəlilləri bir-birindən fərqləndirməyi, onları müqayisə, təsnif və təqdim etməyi;
v təlim prosesində yaradıcılıq tələb edən müxtəlif işləri müstəqil olaraq yerinə yetirməyi;
v nitqin monoloji və dialoji formalarından istifadə etməyi, dinlədiyi və oxuduğu müxtəlif üslubda və janrda olan materialları təhlil etməyi, onların məzmununu yığcam və geniş formada başqasına çatdırmağı;
v plan, tezis, icmal tərtib etməyi, layihə, rəy hazırlamağı, nümunələr göstərməyi, dəlillər gətirməyi və nəticələri ümumiləşdirməyi;
v idraki və kommunikativ yönümlü tapşırıqları yerinə yetirmək üçün müxtəlif informasiya mənbələrindən (lüğətlər, ensiklopediyalar, kompyuter, internet, dövri mətbuat və s.) istifadə etməyi;
v öz imkanlarını, meyil və marağını şüurlu olaraq müəyyən etməyi, iradi və qeyri-iradi keyfiyyətlərini nümayiş etdirməyi, gördüyü işlərin nəticəsini qiymətləndirməyi, qarşıya çıxan problemlərin optimal həllini tapmağı;
v ictimai davranış, habelə müvafiq təhlükəsizlik və tibbi-gigiyena qaydalarına, sağlam həyat tərzi normalarına əməl etməyi;
v öz fəaliyyətində əxlaqi-mənəvi, hüquqi, etik, estetik dəyərlərə, vətəndaşlıq mövqeyinə malik olduğunu nümayiş etdirməyi;
v problemlərin həllində birgə fəaliyyət göstərməyi, kollektiv iş prosesində özünün və başqalarının fəaliyyətini qiymətləndirməyi;
v xarici dildə ünsiyyət qurmağı.
2.2.3. Əsas təhsil pilləsində tədris olunan fənlər
«Ana dili», «Azərbaycan dili», «Ədəbiyyat», «Xarici dil», «Riyaziyyat», «İnformatika», «Azərbaycan tarixi», «Ümumi tarix», «Fizika», «Kimya», «Biologiya», «Coğrafiya», «Həyat bilgisi», «Texnologiya», «Fiziki tərbiyə», «Musiqi», «Təsviri incəsənət».
2.2.4. Əsas təhsil pilləsində tədris olunan fənlərin
əsaslandırılması, fənlər üzrə ümumi təlim nəticələri
FİZİKA
Fənnin əsaslandırılması. Təbiətdə baş verən fiziki hadisələrin mahiyyətinin, onların qanunauyğunluqlarının və maddi aləmin dərk edilməsi, maddələrin quruluşu, zaman və məkan anlayışları əsasında fəza təsəvvürləri və empirik təfəkkürün formalaşdırılması, cəmiyyətin sosial-iqtisadi inkişafında təbiət elmlərinin əsası kimi fizikanın rolu, fizika elminin görkəmli nümayəndələri və elmi nailiyyətləri barədə məlumatların mənimsənilməsi təmin edilir.
Ümumi nəticələr
Şagird:
v fiziki hadisələri mahiyyətinə görə fərqləndirir, onların başvermə səbəblərini izah edir;
v təbiət hadisələrinin qanunauyğunluqları haqqında məlumatlar toplayır, onları ümumiləşdirib şərh edir;
v fiziki hadisələri müşahidə edir, nəticələri ümumiləşdirir və onlar haqqında mülahizələrini təqdim edir;
v fiziki kəmiyyətləri ölçür və nəticələrindən gündəlik həyatda tətbiq üçün istifadə edir, bu prosesdə təhlükəsizlik qaydalarına əməl edir;
 fizika elminin cəmiyyətin sosial-iqtisadi tərəqqisində rolu və əhəmiyyəti, görkəmli fizik alimlərin yaradıcılığı barədə təqdimatlar edir.
2.3. ÜMUMİ ORTA TƏHSİL
2.3.1. Orta təhsilin məqsədi
Orta təhsilin məqsədi aşağıdakılardır:
 təhsilin meyil, maraq və potensial imkanlar nəzərə alınmaqla təşkilini təmin etmək, istedad və qabiliyyətin reallaşdırılması üçün lazımi şərait yaratmaq;
şagirdlərdə ünsiyyət mədəniyyəti, sərbəst və müstəqil surətdə bilik və bacarıqlar qazanmaq və praktik işdə tətbiq etmək qabiliyyəti, icraçılıq, təşkilatçılıq, proqnozlaşdırma, tədqiqatçılıq və birgəfəaliyyət vərdişləri formalaşdırmaq;
 şagirdləri müstəqil həyata, cəmiyyətdə fəal və gərəkli mövqe tutmağa, şüurlu peşəseçməyə hazırlamaq;
 şagirdlərdə tənqidi, obrazlı və yaradıcı təfəkkür formalaşdırılmasını, nailiyyətlərin və yeniliklərin mahiyyətini dərk edib onları qiymətləndirə bilmək bacarıqlarını təmin etmək;
 şagirdlərdə ana dilinə, ədəbi-bədii irsə, Vətənin tarixi keçmişinə, bu gününə, gələcəyinə məhəbbət və nikbinlik hissi yaratmaq, onlarda təbiəti sevmək və qorumaq, milli və ümumbəşəri dəyərlərə, insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmaq və tolerant münasibət bəsləmək keyfiyyətləri aşılamaq;
 şagirdlərin texniki vəsaitlərdən, iqtisadi biliklərdən gündəlik fəaliyyətdə səmərəli istifadə etmələrini, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaya bilmələrini təmin etmək.
2.3.2. Orta təhsil üzrə ümumi təlim nəticələri
Şagird aşağıdakıları bacarmalıdır:
problemləri təyin etməyi və onlara münasibət bildirməyi, problemlərin həlli istiqamətində düşünülmüş qərarlar qəbul etməyi;
v məlumatları axtarıb toplamağı, sistemləşdirməyi, müqayisə, təhlil və tətbiq etməyi, qiymətləndirməyi və onlardan səmərəli istifadə etməyi;
 müstəqil, tənqidi və yaradıcı düşünə bilməyi, yeni ideyalar irəli sürməyi;
 komanda, qrup, təşkilat daxilində başqaları ilə səmərəli əməkdaşlıq etməyi;
 yazılı və şifahi nitq vərdişləri əsasında dialoqa girməyi, müzakirələrdə iştirak etməyi, müstəqil surətdə rəy və mülahizələr irəli sürməyi, müxtəlif məlumat mənbələrindən istifadə etməyi, ayrı-ayrı üslublarda yazılmış mətnlərlə işləməyi və əməli-yaradıcı yazılar yazmağı;
 müasir texnika və kommunikasiya vasitələri ilə davranmağı;
 elm, incəsənət, mədəniyyət və ədəbiyyat sahəsindəki nailiyyətlərə münasibət bildirməyi;
xarici dillərdən birində və ya bir neçəsində ünsiyyət saxlamağı;
dəyişən həyat şəraitinə çevik uyğunlaşmağı;
 icraçılıq, təşkilatçılıq və idarəetmə ilə bağlı funksiyaları yerinə yetirməyi;
 zəngin mənəviyyata malik olmaqla öz intellektual və mədəni səviyyəsini, bacarıq və qabiliyyətini müntəzəm inkişaf etdirməyi, gerçəkliyi estetik və obrazlı qavramağı;
insan əməyini, vətəndaşların hüquq və azadlıqlarını dəyərləndirməyi, mənəvi-əxlaqi dəyərlərə, təbiətə həssas və tolerant münasibət bəsləməyi;
sağlam həyat tərzi, liderlik, rəqabətə davamlılıq keyfiyyətlərini nümayiş etdirməyi;
 ana dilini dərindən bildiyini, milli adət-ənənələr, Vətən tarixi və mədəniyyəti barədə ətraflı məlumatlara, milli qürur və milli iftixar hisslərinə malik olduğunu nümayiş etdirməyi.
2.3.3. Orta təhsil pilləsində tədris olunan fənlər
«Ana dili», «Azərbaycan dili», «Ədəbiyyat», «Xarici dil», «Riyaziyyat», «İnformatika», «Azərbaycan tarixi», «Ümumi tarix», «Fizika», «Kimya», «Biologiya», «Coğrafiya», «Fiziki tərbiyə», «Çağırışaqədərki hazırlıq».
2.3.4. Orta təhsil pilləsində tədris olunan fənlərin əsaslandırılması, fənlər üzrə ümumi təlim nəticələri
FİZİKA
Fənnin əsaslandırılması. Əsas təhsil pilləsindəki fəaliyyət istiqamətləri dərinləşdirilməklə fəza və zaman təsəvvürlərinin daha da genişləndirilməsi, fiziki qanunauyğunluqların və fundamental fiziki qanunların mahiyyəti və onların tətbiqi, fizikanın digər elmlərlə əlaqəsi, canlı materiyanın öyrənilməsində və texnikanın inkişafında onun aparıcı rolu haqqında məlumatların mənimsənilməsi, şagirdlərdə elmi dünyagörüşün formalaşması, tənqidi təfəkkürün inkişafı təmin olunur.
Ümumi nəticələr
Şagird:
fundamental fiziki qanunları digər fiziki qanunlarla müqayisə edir, onların fərqli və oxşar cəhətlərini izah edir;
 fiziki hadisələrin müəyyən qanunauyğunluqlarla əlaqəsini və tətbiqi yollarını şərh edir;
 eksperiment və təcrübələr aparmaqla nəzəri biliklərin praktikada reallaşdırılması imkanlarını nümayiş etdirir.
IV. ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ
PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ
Pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətci, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında aşağıdakı prinsiplər nəzərə alınmaqla qurulur:
pedaqoji prosesin tamlığı - pedaqoji prosesdə təlim məqsədləri kompleks (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir;
təlimdə bərabər imkanların yaradılması - bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;
şagirdyönümlülük - şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;
inkişafyönümlülük - şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, baçarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;
fəaliyyətin stimullaşdırılması - pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;
dəstəkləyici mühitin yaradılması - pedaqoji prosesin münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.
V. ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ ŞAGİRD
NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Şagird nailiyyətlərinin qiymətləndirilməsi ardıcıl və sistemli proses olub təlim fəaliyyətinin ayrılmaz tərkib hissəsi kimi bilavasitə təhsilin keyfiyyətinin dəyərləndirilməsinə və nəticə etibarı ilə onun yüksəlməsinə xidmət edir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi təhsilin keyfiyyəti və inkişafı haqqında müvafiq məlumatların toplanılması və onların təhlili ilə müşayiət olunur.
Məlumatların toplanılması, test tapşırıqlarının verilməsi və yoxlanılması, sinifdə müsahibələrin aparılması, fənn kurrikulumlarının icra vəziyyətinin, şagird və müəllimlərin fəaliyyətinin müşahidə olunması, qiymət cədvəllərinin və digər məktəb sənədlərinin təhlili və s. üsullarla həyata keçirilir.
Toplanmış məlumatlar, bir qayda olaraq, şagirdlərin təlimə münasibətlərini və onların nailiyyətlərini, müəllimlərin hazırlıq səviyyəsini, kurikulumların məqsədəmüvafiqliyini, təlim resursları ilə təminatını və idarəetmə üsullarını əhatə edir.
Məlumatların təhlilinə görə aparılmış qiymətləndirmənin nəticələri ölkədə təhsil siyasətinin qurulması və gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi üçün etibarlı mənbə hesab edilir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədəuyğunluq, qarşılıqlı dəyərləndirmə, müvafiqlik və etibarlılıq, inkişafyönümlülük, şəffaflıq və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanır.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi məktəbdaxili, milli, beynəlxalq olmaqla 3 istiqamətdə aparılır.
Məktəbdaxili qiymətləndirmə 3 komponentdən ibarətdir:
şagird irəliləyişlərinin monitorinqi - məktəb səviyyəsində müəllimlər və məktəb rəhbərləri tərəfindən həyata keçirilir. Bu mərhələdə şagirdlərin nailiyyətləri formativ (müntəzəm, davamlı), mikrosummativ (bəhs və bölmələr üzrə) və makrosummativ (yarımilliklər üzrə) formalarda yazılı və şifahi qiymətləndirilir;
kurrikulum üzrə qiymətləndirmə - şagirdin təlim nəticələrinin müvafiq məzmun standartlarına uyğunluğunu müəyyənləşdirimək məqsədilə aparılır;
təhsil pillələri (əsas və orta) üzrə yekun qiymətləndirmə - mərkəzləşmiş qaydada aparılan buraxılış imtahanları formasında həyata keçirilir və müvafiq təhsil sənədi verilməsi ilə başa çatır.
Orta təhsil pilləsində şagirdlərin müvafiq təmayüllər üzrə, yaxud minimum standartlara uyğun təhsil almaları əsas təhsil pilləsində keçirilmiş yekun qiymətləndirmənin nəticələrinə görə müəyyən olunur.
Milli qiymətləndirmə, bir qayda olaraq, 4-5 ildən bir təhsil prosesinin təşkili, planlaşdırılması və aparıldığı şərait haqqında toplanmış məlumatlar vasitəsilə kurrikulumların keyfiyyətini və ümumi təhsil sistemində baş verən dəyişiklikləri dəyərləndirmək məqsədilə həyata keçirilir.
Beynəlxalq qiymətləndirmə, bir qayda olaraq, hər 3 ildən bir seçmə yolla şagirdlərin təlim göstəriciləri əsasında təhsilin vəziyyəti barədə təsəvvür əldə etmək, müvafiq məlumatları təhlil etməklə problemləri aşkara çıxarmaq və onların həlli yollarını müəyyənləşdirmək, perspektiv inkişaf istiqamətlərini proqnozlaşdırmaq və mövcud vəziyyəti digər ölkələrlə müqayisə etmək məqsədilə aparılır.
VI. FƏNN KURİKULUMLARININ STRUKTURU
Giriş
Fənnin məqsəd və vəzifələri, onun əhəmiyyətinin əsaslandırılması
Fənnin xarakterik xüsusiyyətləri
Fənnin məzmunu
Təhsil pillələri üzrə ümumi təlim nəticələri
Fənn üzrə məzmun xətləri və onların əsaslandırıması
Hər bir sinif üzrə ümumi təlim nəticələri (əsas məzmun standartları)
Ümumi təlim nəticələri əsasında zəruri minimum və daha yüksək səviyyəli alt-standartların müəyyənləşdirilməsi və əsaslandırılması
Fəndaxili və fənlərarası inteqrasiya
Ümumi təlim nəticələrinə əsasən, şagird nailiyyətlərinə verilən minimum tələblərin təsviri
Təlim strategiyaları
Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri
Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr
Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr
Qiymətləndirmə nümunələrinin hazırlanması
Kurrikulum üzrə qiymətləndirmə vasitələri
Təhsil pillələri üzrə yekun qiymətləndirmə vasitələri.
[*] Təlim digər dillərdə aparılan məktəblərdə tədris edilir.

Комментариев нет: