>

12 illik ümumi təhsil sisteminin yaradılması



Cəmiyyətimizin gələcəyi bu gün mükəmməl biliklərə yiyilənə bilən vətəndaşlarladır. Onların yaxşı mütəxəssis, həkim, müəllim və s. kimi formalaşdıqları cəmiyyətdə hərətərfli inkişafdan danışıla bilər ki, bunun da kökündə mükəmməl təhsil dayanır. Təhsil kiminə görə sonda əldə edilən kağız parçası, cehiz, kimənə görə isə illərin alın təri, zəhməti, yuxusuz gecələr hesabına əldə etdiyi çox qiymətli xəzinə və bundan əldə edilən uğurlardır.
Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Təhsil Azərbaycanın gələcəyi üçün strateji əhəmiyyət daşıyan bir sahədir. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında 12 illik ümumi təhsil sisteminə keçid...


Ümumiyyətlə, müasir dövrdə qloballaşan dünyanın tələblərinə uyğun təhsil sistemi formalaşdırmaq ölkənin beynəlxalq rəqabətliliyini şərtləndirən əsas amillərdəndir. Bu baxımdan ölkə ictimaiyyətini düşündürən, təhsil sahəsi ilə maraqlanan hər kəsi narahat edən məsələlərin köklü həllini nəzərdə tutan və ölkə başçısı İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul olunması mühüm əhəmiyyət kəsb edir. Dövlət Strategiyasının əsas hədəfləri sırasında Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verilib.  Strategiyada qeyd edilir ki, hazırda təhsil iqtisadiyyatda tələb olunan bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri yerinə yetirməlidir. İnsanın ömür boyu təhsil almaq tələbatının ödənilməsi isə təhsilin iqtisadi həyatda rolunu yüksəldən amillərdən ən mühümüdür. Məhz bu məqsədlə Strategiyada qarşıya qoyulan əsas hədəflərdən biri 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılmasıdır.170-dən çox ölkədə tətbiq edilən 12 illik ümumi təhsil sistemi...
Təhsil naziri Mikayıl Cabbarov da 12 illik ümumi təhsilə keçidlə bağlı danışarkən dəfələrlə qeyd edib ki,12 illik ümumi təhsilə keçidi zaman, təhsilin məzmununda baş verən yeniliklər, bir sıra araşdırmaların nəticələrinin nəzərə alınması diktə edir. “Dünyanın bir çox qabaqcıl ölkələrində təhsil müddətinin artırılması istiqamətində artıq müəyyən addımlar atılıb və bu proses davam etməkdədir. Məsələn, Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14 ildir. Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 illik ümumi təhsil tətbiq olunur. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir. Ümumiyyətlə, hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələr dünya üzrə çoxluq təşkil edir. Son statistik məlumatlara görə belə ölkələrin sayı 170-i ötüb. Çox az sayda ölkədə ümumi təhsilin müddəti 11 il təşkil edir. Onu da vurğulamaq istərdim ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı bir ölkədə istənilən təhsil pilləsi uzrə təhsil müddətinin bir il artırılması ölkənin Ümumi Daxili Məhsulunun 3-6 faiz artmasına gətirib çıxarır. Bununla yanaşı, təhsil müddətinin artırılması təhsilə ayrılan xərclərin də artması ilə nəticələnir. Özü də bu artım kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Lakin xərclərin artmasına və olduqca böyük miqyaslı tədbirlərin həyata keçirilməsi perspektivlərinə baxmayaraq, bu, Azərbaycan dövlətinin strateji xəttini, neft kapitalının insan kapitalına çevrilməsini hədəfləyən kursun fəlsəfəsini əks etdirir”. Nazir bildirib ki, 12 illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standart və kurikulumların yenilənməsi, tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə aparılması nəzərdə tutulub.“Ən əsas məqamlardan biri ondan ibarətdir ki, 12 illik ümumi təhsil sisteminə keçidlə əlaqədar ölkəmizdə 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modeli tətbiq olunacaq. Bu modelə mərhələli şəkildə keçmək planlaşdırılır. Bu sahədə yeniliklərdən biri və məncə, ən mühümü tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsidir. Digər bir məsələ, biz ümumi orta təhsilin bu gün mövcud olan 9 illik icbari pilləsini bir pillə artırırıq. 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil inkişafın yeni çağırışlarını dəyərləndirmək və daha yetkin vətəndaş yetişdirmək baxımdan əlavə resurs və gələcəyə hazır olmaq imkanıdır”.12 illik təhsilə keçid ali məktəblərin I və II kurslarında ixtisarlara səbəb ola bilər...
Burada diqqəti çəkən ən əsas məqamlardan biri Azərbaycanda 12 illik ümumi təhsil sisteminin tətbiqindən sonra ali məktəblərdə I və II kurslarda bir sıra ümumi fənlərin ixtisar edilməsi və onların 11 və 12-ci siniflərdə şagirdlərə öyrədilməsidir. Nazir Mikayıl Cabbarov da vurğulayıb ki, öz təhsilini ali təhsil sistemində davam etdirmək istəyən şagirdlərə son 2 ildə müəyyən fənlərin dərindən öyrədilməsi planlaşdırılır. Ancaq bu islahat yalnız orta təhsil sisteminə deyil, ali təhsil sisteminə də təsir göstərəcək. “Belə ki, əgər hazırda ali təhsil sistemində I və II kurslarda bir sıra ümumi fənlər keçilirsə, 12 illik təhsil sisteminin tətbiqindən sonra I və II kurslarda həmin ümumi fənlərin ixtisarı nəzərdə tutulacaq. Bu da tələbələrə ali təhsil müddətində məhz öz seçdiyi ixtisaslara daha dəqiq yiyələnmək imkanı verəcək".Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev də 12 illik təhsil sisteminin artıq dünyada özünü doğrultmuş sistem olduğunu vuğulayıb.
“11 illik təhsil sistemi isə daha çox postsovet məkanında qalıb. Ancaq dünyanın aparıcı ölkələrində orta təhsil 12 ildir. Elə ölkələr var ki, hətta orta təhsil 13-14 ilə qədər çəkir. 11-12 illik təhsil üçün artıq yeni proqramlar tərtib olunmalıdır. Orta məktəbdə xarici dövlətlərdə olduğu kimi normal təhsil sistemi təşkil olunsa, hamı görəcək ki, bu, doğrudan da orta məktəb şagirdləri üçün yararlı addımdır".   Şəmsəddin Hacıyevin fikrincə, təhsilin 12 illiyə keçməsi təhsilin keyfiyyətinə təsir etməsi üçün gərək tədris planları, dərsliklər, müəllim kadrları hazırlansın. “Ona görə də bu, birdəfəlik addım kimi deyil, tədricən həyata keçirilməlidir. Hesab edirəm ki, bu, çox düzgün addımdır. Əgər sabahdan hamı 12 illiyə keçmiş olsaydı, bəli, problemlər olacaqdı. Lakin 12 illik bu il, ya da növbəti il məktəbə gedənlərdən başlayacaq. Belə bir versiya da var ki, ola bilsin ibtidai sinfi bitirənlərə də şamil olunsun. Bu da mümkün variantlardan biridir. Çünki bu, ibtidai təhsil üçün heç bir maneə yaratmaz. Əsas məsələ odur ki, təhsilin keyfiyyəti, səmərəliliyi və orta məktəbi bitirənlərin taleyi üçün uğurlu addımdır. Yəni universitetlərə qəbul olmayan abituriyentlər bu halda peşə də öyrənə bilərlər. Ümumiyyətlə, bütün bunların hamısı təhsil proqramlarının necə tərtib olunmağından asılıdır”.  11 və 12-ci siniflər şagirdlərin universitetlərə hazırlığı mərhələsi olacaq.
Təhsil üzrə ekspert, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də 12 illlik ümumi təhsil sisteminə keçidin asan olmadığını və bunun mərhələli şəkildə həyata keçirilməsinin vacib olduğunu vurğulayıb. “Qazaxıstanda 2003-cü ildə 18 məktəbdə mərhələli şəkildə 12 illik ümumi təhsilə başlanılıb. Bu gün Qazaxsıtanın 48 məktəbində 12 illik ümumi təhsil tətbiq edilir, 2015-ci ildə artıq bütün Respublikada 12 illik ümumi təhsilə keçid tətbiq olunacaq. Ukrayna isə 12 illik ümumi təhsilə keçiddən imtina edir. Bu sistemin Azərbaycanda tətbiqi asan məsələ deyil. Bunun üçün hüquqi, maddi-texniki baza, kadr hazırlığı bazası və ümumiyyətlə, Azərbaycana və onun balalarına nə verəcək kimi suallarıın hamısına cavab tapılmalı və sistemləşdirilməlidir”. M.Mürşüdlü qeyd edib ki, 12 illik təhsil məktəbin strukturunda çox vacib dəyişiklərlə müşayiət olunmalıdır. 11 və 12-ci siniflər artıq şagirdlərin universitetlərə hazırlığı mərhələsi olmalıdır. “XXI yüzyillik informasiya kommunikasiya texnologiyalarının inkişafı, informasiya bolluğu əsridir. Bu günki proqramlarımızın, dərs saatlarımızın müasir dünya ilə ayaqlaşan təhsil vermək imkanları məhduddur. Amma 12 illik təhsil şagirdlərə düzgün seçim etmək imkanı verəcək. 12 illik təhsil müəllimlərin peşə səviyyəsinin yüksəldilməsində müəyyən şərtlər irəli sürür, eyni zamanda bizim şagirdlərimizin aldığı attestatlarla dünyanın istənilən ölkəsində təhsil almaq imkanı yaradır. Bu eyni zamanda şagirdin aldığı biliklərin praktikada tətbiq etmək bacarıqlarını, onların sosial həyatla davranışları, bilikləri, bacarıqları vəridşləri əlaqələndirmək imkanın genişlənməsinə imkan yaradacaq”.12 illik ümumi təhsillə fasiləsiz təhsilə keçid...

Bu gün elə fənlər var ki, onların məktəbdə şagirdlərə öyrədilməsinə ehtiyac var. Ancaq tədris planlarının yüklü olması buna imkan vermir. Təhsil eksperti də bu məqama toxunaraq bildirib ki, məktəblə universitet arasında fasiləsiz təhsilə keçid təmin edilməlidir.“Elə fənlər var ki, bunları universitetelərin ilk kurslarında keçəndə tələbələrdə sosiallaşma problemlərini aradan qaldıra bilmirik. Belə fənlər şagirdlərə aşağı yaşda keçilməlidir ki, sosiallaşma üçün onlar müəyyən bacarıqları formalaşdıra bilsinlər”. Dərs yükünün azalması...   12 illik ümumi təhsilə keçiddən danışarkən burada vurğulanan əsas məqamlardan biri şagirdlərin tədris yükünün azalması ilə bağlıdır.  Elə Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov da 12 illik ümumi təhsilə keçiddən danışarkən bu məqama toxunub.

“Bu gün çoxları dərs yükünün ağır olmasından şikayətlənir. Ona görə də 12 illik ümumi təhsilə keçid uşaqların tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək”.Təhsil Strategiyasının uğurlu tətbiqi vətəndaş məsuliyyətini də artırır. Bu gün hər bir təhsil alan vətəndaş təhsilinin uğurları, alacağı biliyin perspektivliyi, dövlət üçün əhəmiyyəti haqqında düşünməlidir. Unutmaq olmaz ki, düzgün təhsil siyasətinin bərqərar olması yalnız dövlətin istəyi və iradəsi ilə həyata keçirilə bilməz. Bu, dövlət-vətəndaş birliyini, həmrəyliyini və əmkdaşlığını zəruri edən bir prosesdir.

Mənbə:http://modern.az/