Qardner nəzəriyyəsi-Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi

Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi və inkişaf etdirilməsi işində dünya təcrübəsində geniş yayılmış Hovard Qardnerin nəzəriyyəsinin böyük əhəmiyyəti vardır. Bu nəzəriyyəyə çoxşaxəli əqli qabiliyyətlər nəzəriyyəsi də deyirlər. Amerika psixoloqu Hovard Qardner bu nəzəriyyəni 1983-cü ildə “Ağıl çərçivəsində” kitabında təklif etmişdir. Qardner nəzəriyyəsinə görə hər bir şagird 8 qabiliyyətin təkrarolunmaz kombinasiyasına malikdir. Bu qabiliyyətləri inkişaf etdirmək yollarını tapmaq lazımdır. Qardnerin fikrincə hər bir şagird ruhlandırıldıqda, dəstək və düzgün təlimatlar aldıqda 8 qabiliyyəti də lazımı səviyyədə inkişaf etdirilə bilər. Bu xüsusiyyətlərin üzə çıxması üçün onlara şərait yaradılmalıdır. Bu qabiliyyətlər aşağıdakılardır:
1. Verbal (linqvistik) qabiliyyət – belə şagirdlər çoxlu suallar verir, danışmağı, oxumağı, yazmağı xoşlayır, yaxşı lüğətə malikdir, asanlıqla yeni dil öyrənə bilirlər.
2. Məntiqi (riyazi) qabiliyyət – belə şagirdlər rəqəmlərlə oynamağı, əşyaları toplamağı, qruplaşdırmağı xoşlayır, işlərin necə getdiyini bilmək istəyir, məntiqi ilə maraqlanırlar. Riyaziyyatı, məntiqi yaxşı bilirlər.
3. Vizual (fəza) qabiliyyət - belə şagirdlər şəkil çəkməyi, mexaniki cızma-qara etməyi, hadisələrə təcrid olunmuş şəkildə yanaşmağı xoşlayır, yerləri təsvirə, şəkillərə əsasən yadda saxlayırlar, əşyaları yaxşı təsvir edirlər, diaqramla və xəritələrlə asan işləyirlər.
4. Kinestetik (bədən) qabiliyyət – belə şagirdlər yaxşı müvazinət hissinə, ritm hissinə malikdir. Hərəkətləri qrasiyalıdır, bədən dilini (jestləri) oxuyurlar, fikirlərini jestlər vasitəsilə çatdırırlar.
5. Ritmik (musiqi) qabiliyyət - belə şagirdlər səslərə qarşı həssasdırlar, ritmlə tıkkıldanır və yellənirlər, səsləri bir-birindən ayıra bilir, musiqini xoşlayır, onu axtarır, ritmi tuta bilirlər.
6. Şəxsiyyətlərarası qabiliyyət - belə şagirdlər başqalarının hislərinə şərik olur, həmyaşıdları tərəfindən sevilir, özünə oxşar böyüklərlə yaxşı əlaqə saxlayırlar, liderlik bacarığı nümayiş etdirirlər, məsləhətçi və ya vasitəçi rolu oynayırlar, insanlar arasında ünsiyyət qura, bəzən onlarla manipulyasiya edə bilirlər.
7. Şəxsiyyətdaxili qabiliyyət – belə şagirdlər müəyyən fəaliyyətlə bağlı xoşuna gələn və gəlməyən cəhətləri açıq şəkildə ifadə edə bilirlər. Güclü və zəif cəhətlərindən xəbərdardırlar. Öz bacarıqlarına inanırlar, qarşılarına müəyyən məqsədlər qoyurlar, diqqətlərini hislərinə, arzularına yönəldirlər, orijinal olmağı sevirlər.
8. Naturalistik qabiliyyət – belə şagirdlər təbiət hadisələrini dərk edir, bitkiləri, heyvanları xoşlayır, bitki yetişdirməyə, heyvan saxlamağa həvəslidirlər, həvəskar astronomdurlar.
Hər bir müəllim şagirdlərində bu qabiliyyətlərin üzə çıxarılmasına yardım etməlidir. Unutmayaq ki, müəllimin şagirdlərinə xeyirxah münasibəti, hörməti, onları olduğu kimi qəbul etməsi, onların bacarıqlarına inam – bunların hamısı şagirdlərdə həm özünə, həm də müəlliminə hörmət və etibarı artırar. Gördüyünüz kimi müəllim-şagird münasibətləri çox incə və mürəkkəb məsələdir. Odur ki, işlərimizi düzgün qursaq nəticədə ölkəmizə yüksək intellekti, elmi potensialı və milli-mənəvi dəyərləri ilə seçilən, cəsarətli və vətənpərvər şagirdlər tərbiyə etmiş olacağıq.


Комментариев нет: